Hal-hazırda işğaldan azad edilmiş torpaqlarımızda gücləndirilmiş abadlıq-quruculuq işləri aparılmaqla yanaşı, respublikamızın bütün rayonlarının inkişafı üçün də Dövlət proqramı uğurla icra edilir. Prezident İlham Əliyevin iyul ayının 22-də qərb rayonlarına səfəri də əlamətdar olmuşdur. Səfər zamanı ölkə başçısı İlham Əliyev əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanındakı Əbədi Məşəl Kompleksini ziyarət edərək, abidə önünə gül dəstələri qoydu. Sonra ölkə başçısı “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış oldu. Çovdar qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanılıb. Bu günədək 259 min unsiya qızıl istehsal olunub və gələcəkdə 338 min unsiya qızılın istehsalı planlaşdırılır. 2020-ci ildən “AzerGold”un fəaliyyət sahəsi daha da genişləndirilib. Sonra ölkə başçısı “Mərəh” qızıl mədənində suxurların ilk partlayış prosesini izlədi. Prezident İlham Əliyev qeyd etdi ki, Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi çox önəmli bir hadisədir. Bu gün həm açılışı qeyd etdik və bundan sonra görüləcək işlərlə bağlı təqdimat oldu. Qızılla yanaşı, digər metalların da hasilatı geniş miqyasda öz həllini tapacaq. Daşkəsənin dəmir filiz yataqlarının işlənməsi ilə bağlı planlar var. Bu sahə çox gəlir gətiriən sahə olacaq. Eyni zamanda çoxlu sayda iş yerləri yaradılacaq və idxaldan asılılıq azalacaq. Azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivi var. Zəngilan və Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın təhlili aparılıb. Biz tələb edirik ki, işğalçılar təzminatı öz xoşları ilə ödəsinlər. Ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Biz azad olunmuş ərazilərimizi cənnətə çevirəcəyik. Ermənilərin məyusluğu hələ çox davam edəcək. Sonra Prezident Goranboy rayonunda İdman Kompleksinin, Naftalan rayonunda yeni sanatoriyanın və bir sıra önəmli infrastruktur obyektlərinin açılışında iştirak etdi. Bununla yanaşı, Gəncə şəhərində II Vətən Müharibəsi zamanı mənfur ermənilər tərəfindən törədilmiş terror hadisələrinin baş verdiyi ərazilərdə oldu və Şəhidlərimizin xatirələrini yad edərək hadisə yerinə əklil qoydu. Vəsilə Quliyeva,Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi